Rus əsgəri qadın soyurmuş

Rusiyanın Krasnoyarsk şəhərindəki hərbi hissələrin birindən qaçan əsgər qadınları soyarkən tutulub.

SİA bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional şöbəsinin məlumatına istinadən xəbər verir.

Polisin verdiyi məlumata görə, 2020-ci ilin iyunundan Krasnoyarskdakı hərbi hissələrin birində xidmət edən 23 yaşlı gənc özbaşına hərbi hissəni tərk edərək, şəhəri “gəzməyə” çıxıb. Bu arada polisə hərbi geyimli bir gəncin qadınlara hücum edib onları soyması barədə xəbər daxil olub.

Verilən məlumata görə, hərbi geyimli gənc eyni ssenari üzrə hərəkət edirmiş. Belə ki, o, şəhərin qaranlıq və əhalinin az olduğu yerlərində qadınların əllərindəki zənbilləri alıb qaçırmış.

Hərbi hissə ilə əlaqə saxlayan Krasnoyarsk polisi tezliklə fərarilik edən şəxsin kimliyini müəyyənləşdirə bilib. Hazırda həbs edilən gəncə qarşı Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsi ilə cinayət işi açılıb. Verilən məlumata görə, onu yeddi ilə qədər həbs cəzası gözləyir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə