Polislərin intiharı ölkəni qarışdırdı

ABŞ Senatının binasında (Kapitoli) baş verən iğtişaşlardan sonra iki polis əməkdaşı intihar edib. SİA “Washington Post”a istinadən xəbər verir ki, bunu ABŞ-ın paytaxtı Vaşinqtonun polis rəisi Robert Konti bildirib.

Qəzetin yazdığına görə, Kapitolidəki iğtişaşların şahidi olmuş 51 yaşlı polis əməkdaşı Hovard Libenqud yanvarın 9-da həyatına qəsd edib. Digər polis Cefferi Smit isə yanvarın 15-də özünü öldürüb.

R.Kontinin sözlərinə görə, C.Smit 12 il polis patrulu işləyib: “Kapitoliyə hücum ən sakit şəhərin təhlükəsizlik sistemindəki zəif yerləri aşkarladı”.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayının 3-də ABŞ-da prezident seçkiləri keçirilib. Yekun nəticələrə görə, müxalif Demokratlar Partiyasının namizədi, 79 yaşlı senator Cozef Bayden Respublikaçılar Partiyasının təmsilçisi, hazırkı prezident Donald Trampa qalib gəlib. Buna baxmayaraq, D.Tramp seçkilərdə saxtakarlığın olduğunu açıqlayaraq nəticələri tanımayıb. Bunun fonunda ABŞ-ın bir sıra ştatlarında hazırkı prezidentin tərəfdarları nümayişlər keçirməyə başlayıb.

Yanvarın 6-da Vaşinqtonda keçirilən böyük mitinq isə iğtişaşa çevrilib. Donald Trampın tərəfdarları Konqres binasına basqın edib. Bu zaman 5 vətəndaş həlak olub, 14 polis yaralanıb. Vətəndaşlardan biri polisin açdığı atəş nəticəsində ölüb.

Paytaxtda qarışıqlıq düşəndən sonra Donald Tramp başda Cozef Bayden olmaqla digər siyasətçilərin təzyiqi altında tərəfdarlarına videomüraciət edib. O, müraciətdə seçki nəticələrinin oğurlandığını, lakin bununla belə zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıb.

Yanvarın 7-də ABŞ konqresinin hər iki palatasının - Senat və Nümayəndələr palatasının birgə keçirilən iclasında Cozef Baydenin prezident seçkilərindəki qələbəsi təsdiqlənib. C.Bayden yanvarın 20-də and içərək prezident kimi fəaliyyətə başlayıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...