Bakıda avtomobil və mağazalardan oğurluq edən şəxslər tutulub

Bakıda avtomobil və mağazalardan oğurluq edən şəxslər tutulub

Yanvarın 28-nə keçən gecə Vidadi küçəsində yaşayan Araz Əliquliyevə məxsus "Volksvaqen Tuareq" markalı avtomobildən şüşəni sındırma yolu ilə noutbuk, internet kartları, modem, eynək və aprelin 10-da Tolstoy küçəsində Bakı şəhər sakini Sərxan Mürsəlova məxsus "Nissan-Sunny" markalı avtomobildən şüşəni sındırma yolu ilə 1 ədəd fotoaparat, içərisində pul və iki ədəd bankomat kartı olan pul kisəsi oğurlayan Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ağayar Xıdırov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mayın 15-də yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, mayın 7-nə keçən gecə isə E.Bəkirli küçəsində yaşayan Qənbər Verdiyevə məxsus "Mersedes" markalı avtomobildən mobil telefon, pul, flaşkart və mayın 8-də Qaraçuxur qəsəbəsində Elçin Şükürova məxsus "VAZ-2107" markalı avtomobildən mobil telefon oğurlayanlar Bakı şəhər sakinləri Rəşad Bayramlı, qardaşı Elməddin, Nadir Ağazadə, Elman Qasımov, Samir Şahbazov və İlkin Həsənov Suraxanı RPİ 32-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində mayın 15-də yaxalanıb. Müəyyən edilib ki, onlar aprelin 22-də Qaraçuxur qəsəbəsində qəsəbə sakinləri Rəhim Allahyarova məxsus evin qarşısındakı köşkdən şüşəni sındırma yolu ilə siqaretlər, sənaye məhsulları, aprelin 29-da Emin Quliyevə məxsus "Mersedes" markalı avtomobildən şüşəni sındırma yolu ilə mobil telefon, 2 ədəd flaşkart, mayın 13-də isə Tahir Məmmədovun evindən pəncərədən keçmə yolu ilə 50 metr elektrik kabeli oğurlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə