Bir neçə ərazi intensiv atəşə tutulduğundan yanğınları söndürmək mümkün olmayıb FHN

Ermənistan silahlı qüvvələrinin ötən gün axşam və gecə saatlarında atdığı mərmi nəticəsində Naftalan rayonu Qaşaltı Qaraqoyunlu kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb edilmiş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrinin operativ müdaxiləsi sayəsində evin bir hissəsi yanğından mühafizə olunub. Bundan başqa, Tərtər rayonu Səhləabad kəndində yerləşən, vətəndaşa məxsus təsərrüfat obyekti yanıb. Ərazi intensiv atəşə tutulduğundan yanğınsöndürmə qüvvələrinin söndürmə əməliyyatını başa çatdırması mümkün olmayıb.

Bundan başqa, Tərtər rayonunda qəbirstanlıq ərazisinə mərmi düşməsi nəticəsində qəbirstanlığın ərazisində başlayan yanğına ərazi atəşə tutulduğundan müdaxilə etmək mümkün olmayıb.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə