Avtomobilləri qarət edən şəxs tutuldu

Nəsimi rayonu ərazisində iki avtomobilin alın şüşələrini sındırmaqda və kapot hissələrini əzməkdə şübhəli bilinən M.Əsədullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə sentyabrın 23-də saat 9 radələrində C.Hacıbəyli küçəsində Bakı şəhər sakinləri G.Həsənovaya məxsus "Chevrolet" və A.Mahmudova məxsus "Hyundai" markalı avtomobillərin alın şüşələrinin sındırılması və kapot hissələrinin əzilməsi barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş M.Əsədullayev müəyyən edilərək saxlanılıb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə