Ərini öldürməkdə təqsirləndirilən qadının həbs müddəti uzandı

Bakıda ərini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Rəna Sofiyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanın təqdimatına baxılıb. SİA xəbər verir ki, Suraxanı rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

R. Sofiyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, ötən il iyulun 7-də, gecə saat 03.00-da Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yaşayan Araz Sofiyev evində həyat yoldaşı Rəna Sofiyeva tərəfindən öldürülüb. Cinayəti törədən Rəna Sofiyeva daha sonra özünə də xəsarət yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib.

Rəna Sofiyeva ilkin istintaqa verdiyi izahatında göstərib ki, hadisə baş verən günü iki naməlum şəxs onların evinə basqın edib. Həmin şəxslərə Araz Sofiyevin pul borcu olub. Onlar ev sahiblərinə bıçaqla xəsarət yetiriblər. Nəticədə Araz Sofiyev aldığı xəsarətlərdən həyatını itirib. Qadının bildirdiyinə görə, naməlum şəxslər evdən 4800 ABŞ dolları aparıb və evdən çıxarkən ona da bıçaqla xəsarət yetiriblər.

İstintaq orqanı tərəfindən Rəna Sofiyeva həbs edilib.

Suraxanı rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə