Qubada müəmmalı yanğınların səbəbi bilindi

Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarının kənd sakini olan 3 yeniyetmə tərəfindən qəsdən yandırılması müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, cari il sentyabrın 19-da və 20-də Quba rayonunun Dəlləkli kəndi ərazisində kəndin 4 sakininə məxsus təsərrüfatlarda ot tayalarında yanğın hadisələri baş vermiş, yanğınsöndürmə briqadaları və polis əməkdaşları tərəfindən yanğınların qarşısı alınıb.

Yanğınların qəsdən törədilməsi şübhə doğurduğundan dərhal müvafiq araşdırmalara başlanılıb.

Quba RPŞ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlərlə yanğınların kənd sakini olan 3 yeniyetmə tərəfindən törədilməsi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən aparılan söhbətlər zamanı onlar törətdikləri əməlləri səmimi etiraf etmiş, peşman olduqlarını bildiriblər.

Qeyd edək ki, yeniyetmələr kənd sakinləri arasında şübhə doğurmamaq üçün yanğınları törətdikdən sonra onun söndürülməsində fəallıq göstəriblər.

Faktlarla bağlı Quba RPŞ-nin Təhqiqat bölməsində araşdırmalar aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...