Bakıda arvadı ilə qonşusunu öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən Anar Hacıyev və onun qardaşı Sakit Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. SİA xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentyabrın 29-a təyin edilib.

Qeyd edək ki, bu il martın 6-da Abşeron rayon sakini Zərnişan Hacıyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin Xəzər rayonunun Şüvəlan qəsəbəsi ərazisində, Natiq Talıbovun üzərində zorakılıq əlamətləri olan meyitinin isə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aşkar edilməsi faktları üzrə Xəzər və Sabunçu rayon prokurorluqlarında başlanan cinayət işləri vahid icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adamöldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adamöldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 245-ci (qəbir və ya meyit üzərində təhqiredici hərəkət) maddələri ilə Baş Prokurorluğun İstintaq İdarəsində istintaq davam etdirilib.

İstintaqla Zərnişan Hacıyevanın əri Anar Hacıyevin qardaşı Sakit Hacıyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında arvadı ilə həmkəndlisi və qonşusu Natiq Talıbovu qısqanclıq zəminində onlardan qisas almaq məqsədilə hər iki şəxsə çoxsaylı bıçaq zərbələri vuraraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Anar və Sakit Hacıyevlər Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...