Prokurorluq Abşeronda baş vermis insidentlə bağlı məlumat yaydı

Prokurorluq Abşeronda baş vermis insidentlə bağlı məlumat yaydı

Avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluqdan SİA-ya verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə