Siyəzəndə dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın söndürüldü

Bu gün Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən SİA-ya məlumat verilib.

Nazirlik yanğının söndürülməsi əməliyyatından bəzi operativ görüntüləri təqdim edir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri, həmçinin Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri cəlb olunub.

16:32

Siyəzəndə baş verən yanğın geniş əraziyə yayılıb

Siyəzəndə baş verən yanğının söndürülməsi üçün əraziyə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının və Siyəzən Rayon İcra Hakimiyyətinin nümayəndələri cəlb olunublar.

ETSN-dən Trend-ə bildirilib ki, yanğın güclü külək nəticəsində geniş əraziyə yayılıb.

Hazırda yanğının söndürülməsi və yaxınlıqda yerləşən meşə ərazisinə keçməsinin qarşısının alınması istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

ETSN havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

***

Siyəzəndə yanğın: Hadisə yerinə helikopterlər cəlb edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə