Adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxslər yaxalanıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində adı “Qırmızı kitab”a düşən qonur ayı balalarını satmaq istəyən şəxsləri saxlayıblar.

SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, polis əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman “Ford” markalı avtomobilə “Saxla” əmri verilib. Avtomobilə baxış zamanı orada iki qonur ayı balası aşkar edilib. Avtomobildə olan sürücü və sərnişinlər saxlanılaraq polis şöbəsinə gətirilib. Onların Şəki rayon sakinləri Anar Abdullayev, Fazil Sadıqov və Vasif Əhmədov olduqları müəyyən edilib. A.Abdullayev və F.Sadıqov ifadələrində Şəki rayonunda meşəyə gedərkən orada qonur ayı balalarını görərək özləri ilə yaşadıqları ünvana gətirdiklərini, bir aydan artıq bəslədikdən sonra onları 3500 manata satmaq üçün V.Əhmədova məxsus avtomobillə Balakən rayonuna gətirdiklərini bildiriblər.

Qonur ayı balaları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib və Altıağac Milli Parkı nəzdindəki Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə