Tərtərdə məcburi köçkünlərlə sakinlər arasında dava: 9 yaralı

Tərtərdə məcburi köçkünlərlə sakinlər arasında dava: 9 yaralı
Tərtər rayonunda baş verən kütləvi davada qan su yerinə axıb. Rayon Polis Şöbəsindən verilən məlumata görə, təxminən 25 nəfərin iştirak etdiyi dava Kəlbəcərdən olan məcburi köçkünlərlə Tərtər sakinləri arasnda olub. Tərtər rayon Polis Şöbəsinin müstəntiqi Vəli Zeynalovun verdiyi məlumata görə, kütləvi davada yaralananlar 9 nəfər olub. Müstəntiqin sözlərinə görə, davada iştirak edən 4 nəfər - Sevdimalı Əsədov, Rövşən Hacıyev, Elgün Qurbanov və İlqar Hümmətov saxlanılıb.

Hadisə şahidləri bildirdilər ki, dava ilk olaraq Kəlbəcər rayonundan məcburi köçkün olan və rayonda sələm pul verməklə məşğul olan Sevdiman adlı şəxslə, kikboksinq üzrə 5 qat Azərbaycan çempionu Əhməd İsmayılov arasında baş verib.

Belə ki, Sevdimanın şəhər mərkəzinə gələrək "Tərtərlilərin bir ağsaqqalı yoxdur" deməsi Ə.İsmayılovun xoşuna gəlməyib. Ona görə də, Sevdimandan belə söz işlətməsinin səbəbini soruşub. Bu zaman Sevdiman maşına minərək ərazidən uzaqlaşıb və az sonra bir qrup adamla gəlib.

Onlar Ə.İsmayılovu vurmağa başlayıblar. Davaya Ə. İsmayılovun qardaşı Əmrah və idmançı tələbələri qoşulub. Kürək və balta ilə silahlanmış kəlbəcərlilər davada Ə.İsmayılovun çiynini sındırıblar. Bundan başqa hər iki tərəfdən xeyli sayda adam yaralanıb. Hətta yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə xuliqanlıq törətmə (221.3) maddəsi ilə cinayət işi başlanıb.

//Anspress.com

Bütün xəbərlər Facebook səhifəmizdə