Yaşlı kişi işlədiyi mağazada qətlə yetirildi

65 yaşlı Hüseyn Əhmədovu işlədiyi mağazada qətlə yetirərək oradan 40 min manat məbləğində pul vəsaitini oğurlamaqda şübhəli bilinən şəxlər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 1-də səhər saat 6 radələrində 65 yaşlı Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlər - Tərtər rayon sakini F.Yusifli və Kürdəmir rayon sakini S.Cəlalov saxlanılmışlar. Onlardan qeyd edilən pul və müşahidə kamerasının yaddaş bloku maddi sübut kimi götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə