Parçalanmış meyiti tapılan 12 yaşlı oğlanla bağlı: "Cinayət ehtimalı araşdırılacaq" - EKSKLÜZİV

Mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 12 yaşlı oğlanın itkin düşməsi ilə bağlı polis idarəsinə müraciətdən sonra aparılan axtarış işləri nəticəsində onun meyiti parçalanmış halda meşədən tapılıb. SİA-ya yerli mənbədən verilən məlumata görə, hazırda fakt Oğuz Rayon Prokurorluğu tərəfindən araşdırılır.

"İlkin ehtimal kimi vəhşi heyvan tərəfindən parçalandığı qeyd edilir. Polis əməkdaşları da artıq hadisə yerində olublar. İlk növbədə itkin düşmə kimi polis idarəsinə müraciət edilmişdi. Artıq ölüm faktı qeydə alındığından Prokurorluq tərəfindən araşdırma aparılır. Burada digər detalların da olub-olmadığı ilə bağlı araşdırma aparılacaq", deyə məlumatda deyilir.

Hadisə ilə əlaqədar cinayət faktının olması ehtimalı ilə bağlı mənbə bildirib ki, istənilən halda araşdırma aparılacaq və hər bir detal qeydə alınacaq: "Əgər hər hansı bir cinayət faktı olsa belə, istənilən halda araşdırma aparılacaq və konkret olaraq hansı detalların olduğu araşdırılacaq".

Qeyd edək ki, mayın 21-də Oğuz rayonunun Xaçmaz kəndində 12 yaşlı oğlan itkin düşüb. 2008-ci il təvəllüdlü Cəbrayıl Vüsal oğlu Məmmədov bostan sahəsini suvarmaq üçün ərazidən keçən çay qırağına gedib və bir daha geri qayıtmayıb.

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Daha sonra itkin düşən uşağın meyiti dağlıq-meşəlik ərazidə aşkar edilib. İlkin ehtimala əsasən, heyvanlar tərəfindən parçalandığı qeyd edilib.

Hazırda meyitin dağdan düşürülməsi istiqamətində tədbirlər görülür.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...