Almaniyada əlvan metal oğurluğu baş alıb gedir

Almaniyada əlvan metal oğurluğu baş alıb gedir

Sən demə, əlvan metallar təkcə postsovet məkanında oğurlanmır. SİA-nın xəbərinə görə, Qərbi Avropa ölkələrində də bu qiymətli xammal "həvəskarları" vardır. Onlar daşıyıb apara biləcəkləri hər şeyi - naqil, kabel və hətta dəmir yol relslərini oğurlayırlar.


"Liliyentalştrasse" məzarlığı Berlinin mərkəzinə yaxın ərazidə yerləşir. Səliqə ilə qırxılmış qazonlar arasındakı məzarlarda İkinci dünya müharibəsində həlak olmuş əsgərlər uyuyur. Adətən burada sakitlik hökm sürür. Lakin bu yaxınlarda məzarlıq oğruların hədəfinə tuş gəlmişdir. Onlar yanvarın sonunda mərkəzi sərdabanın damından mis təbəqələri qoparıb aparmağa cəhd göstəriblər. Bu cəhd uğursuz nəticələnsə də, tikilinin damına xeyli ziyan dəyib. Təmir işləri paytaxt hökumətinə 20 min avroya başa gələcəkdir. Halbuki fırıldaqçılar qəniməti metal tullantıların qəbulu məntəqəsində satsaydılar, vur-tut 1,5 min avro qazanacaqdılar.


Bu, heç də yeganə metal oğurluğu hadisəsi deyildir. Berlin metal oğrularının vurduqları ziyanın bərpasına xeyli vəsait xərcləyir. Əlvan metalların qiyməti artdıqca oğrular əllərinə keçən metal məmulatı - tunc güldanları və quşları daşıyıb aparır və hətta məzar daşlarından və hasarlardan hərfləri qoparmaqdan çəkinmirlər. Maliyyə böhranı başlanan kimi əlvan metalların qiymətləri düşdüyü üçün oğurluq hallarına az-az təsadüf edilib. Lakin ötən iki ildə vəziyyət dəyişib. Oğrular daha çox alüminium və mis məmulatına tamah salırlar. Bu metalların qiyməti təxminən 2 dəfə artıb. Zəhmətsiz qazanc götürmək istəyən cinayətkarlar mühafizə olunmayan ərazilərdən, xüsusən, məzarlıqlardan, tikinti meydançalarından və dəmir yol məntəqələrindən metal oğurlayırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə