Axtarışda olan şəxs saxlanılıb

Axtarışda olan şəxs saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində axtarış elan edilən Maştağa qəsəbə sakini Cavidan Babayev saxlanılıb.

Xatırladaq ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının cari il noyabrın 12-də Maştağa qəsəbəsində C.Babayevə məxsus evdə keçirdikləri əməliyyat zamanı onun həyətyanı sahəsindəki istixanadan ümumi çəkisi 12 kiloqram 710 qram olan 316 çətənə bitkisi aşkarlanmışdı. Həmçinin C.Babayevin evinə baxış keçirilən zaman sənədsiz ov tüfəngi, 7 patron və ümumi çəkisi 30 qramdan artıq olan qurudulmuş marixuana da müəyyənləşdirilərək polislər tərəfindən götürülmüşdü. Həmin vaxt ev sahibi C.Babayev polis əməkdaşlarından qaçaraq bir müddət gizlənsə də, sonuncu əməliyyat zamanı o saxlanılaraq istintaqa təqdim olunub.

C.Babayev tutulan zaman əlavə olaraq yaşadığı evin müxtəlif yerlərində gizlətdiyi kibrit qutularında qablaşdırdığı ümumi çəkisi 160 qramdan artıq qurudulmuş marixuananı da polis əməkdaşlarına təhvil verib. Saxlanılan şəxs ifadəsində narkotik vasitələri həm şəxsi istifadəsi, həm də satmaq məqsədilə əkdiyini etiraf edib.

Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə