"3-cu mikrorayon bazarı" 280 kvadratmetr sahədə kafe və satış piştaxtaları, “QAZEL” markalı iki yük avtomobili yanıb

Dekabrın 14-də saat 17:29-da Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən "3-cu mikrorayon bazarı" kimi tanınan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA FHN-ə istinadən bildirir ki, dörd dəqiqə sonra, yəni, saat 17:33-də ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatıb. Yanğının mürəkkəbliyinə, ərazidə yüksək yanğın riskli çoxsaylı obyektlərin mövcudluğuna baxmayaraq, yanğınsöndürənlərin peşəkarlığı və şücaəti sayəsində alovun böyük əraziyə yayılmasına və faciəyə səbəb olmasına imkan verilməyib. Belə ki, yanğın saat 18:00-da, yəni, ilk yanğınsöndürmə briqadaları hadisə yerinə çatandan 27 dəqiqə sonra məhdudlaşdırılıb və saat 18:19-da tam söndürülüb.

Ümumilikdə 6100 kvadratmetrdən çox sahəsi olan bazarda 280 kvadratmetr sahədə kafe və satış piştaxtaları, "QAZEL" markalı iki yük avtomobili və bazara bitişik 50 kvadratmetr sahəsi olan avtomobil təmiri sexi yanıb. Bazarın qalan hissəsi, yəni, 5800 kvadratmetrdən çox ərazisi və yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətindən 17 texnika və 75 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 8 texnika və 66 nəfər canlı qüvvə cəlb edilib, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və nazirliyin aidiyyəti qurum rəhbərliyi hadisə yerində olub.

Bütün xəbərlər Facebook səhifəmizdə