Hacıqabulda internet klubda gənclərin mübahisəsi ölümlə nəticələnib

Hacıqabulda internet klubda gənclərin mübahisəsi ölümlə nəticələnib

Hacıqabul rayonunda növbəti qətl hadisəsi baş verib. SİA-nın Aran bürosundan verilən xəbərə görə, rayon sakini Ə.Vahid küçəsi ev 112-də yaşayan 1989-cu il təvəllüdlü Məmmədov Enar Rafiq oğluna H.Həmidov küçəsində yaşayan 1987-ci il təvəllüdlü Həşimov İlkin Ağaverdi oğlu tərəfindən bıçaqla qəsdən sağlamlığına xəsarət yetirilib.

 

Hacıqabul rayon mərkəzi xəstəxanasının həkimi Əliye Hafizin sözlərinə görə, yaralı xəstə 19:35-də qarının ön divarının kəsilmiş deşilmiş yarası, daxili qanaxma, aqonal, yəni ölümcül vəziyyətdə klinikaya daxil olub. İntensiv reanimasion tədbir görülməsinə baxmayaraq xəstə daxil olandan 20 dəqiqə sonra dünyasını dəyişib.

 

Meyit Şirvan şəhər məhkəmə tibbi ekispertiza və pataloji anatomiya şöbəsinə aparılıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.

 

Qeyd edək ki, qətli törətmiş Həşimov İlkin Ağaverdi oğlu Hacıqabul polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədən 6 saat sonra Bakı şəhərində yaxalanaraq, rayon prokurorluğunun istintaqına təhvil verilib.

 

Saxlanılan şəxs mərhumu internet klubda aralarında yaranmış mübahisə zəminində bıçaqla vurduğunu etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə