“Topaz”a oyuncaq tapanca ilə basqın olub

“Topaz”a oyuncaq tapanca ilə basqın olub

Bakıda “Topaz”da baş verən quldurluq hadisəsinin təfərrüatı məlum olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nazirliyin “102” Zəng Mərkəzi Xidmətinə Nərimanov rayonu ərazisində qeydə alınan quldurluq hadisəsi barədə məlumat verilib.

Müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla sentyabrın 22-də saat 23 radələrində mərc oyunları məntəqəsində naməlum şəxsin orada qeydiyyatçı işləyən C.Abışbəylini oyuncaq tapança ilə hədələyib 200 manat pulunu aldığı müəyyən edilib.

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Yusublu saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə