Bu gün səhər saat 10.00 radələrində Ələt-Astara magistral yolunun Astara rayonunun Ərçivan kəndindən keçən hissəsində 2 saata yaxın tıxac yaranıb. SİA-nın cənub bürosunun məlumatına görə, tıxaca səbəb Ələt-Astara yolunun 235-ci kilometrliyində fevralın 22-də axşam saat 22.30 radələrində baş verən avtoqəza nəticəsində su kanalına düşən yük traylerinin ağır texnikalar vasitəsilə çıxarılması olub.
Belə ki, İran İslam Respublikasına yük üçün gedən Rusiya Federasiyasının Dağıstan Respublikasının vətəndaşı Əhməd Əmin oğlu Sultanov idarə etdiyi "Daf" markalı avtomobillə sərt döngəni keçərkən idarəetməni itirərək maşını yolun sağ hissəsindəki kanala aşırıb. Ağır yük maşınını ancaq səhər saatlarında kanaldan çıxarmaq mümkün olub.
Avtomobilə ziyan dəysə də, ölən və xəsarət alan olmayıb. Hadisəyə səbəb kimi yağışlı hava və sürücünün sürət həddini aşması göstərilir. Faktla bağı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB