Zabitlərin yataqxanasından oğurluq edən şəxs yaxalanıb

Zabitlərin yataqxanasından oğurluq edən şəxs yaxalanıb

18 fevral 2011-ci il tarixdə gecə saatlarında naməlum şəxs Hacıqabul rayonu ərazisində Daxili Qoşunların Hərbi Hissəsinin zabitləri üçün inşa edilən 68 mənzilli yataqxana tipli binadan 4 ədəd böyük ölçülü laqonda, 1 ədəd kiçik ölçülü laqonda, 1 ədəd daş üçün fen, 1 ədəd direl və 300 metr uzunluqda mis kabel oğurlayıb.

Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Nazim Hümbətovun SİA-ya verdiyi məlumata görə, aparılmış əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, oğurluğu törədən şəxs Hacıqabul şəhərində yaşayan Əsgərov İntiqam Mirzəli oğludur.

Həmin şəxs cinayət məsuliyyətindən yaxasını qurtarmaq üçün Bakı şəhərinə qaçıb. İntiqam Əsgərov əməliyyat tədbirləri nəticəsində 22 fevral 2011-ci ildə Bakıdan gələrkən dəmir yolu vağzalında polis işçiləri tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Saxlanılan şəxs ifadəsində törətdiyi əməli səmimi etiraf etmiş, bundan əvvəl 13 fevral 2011-ci il tarixdə həmin tikintidən Söhbətov Məhərrəm Kamal oğluna məxsus 1 ədəd laqondanı da oğurladığını bildirib.

Hazırda istintaq hərəkətləri davam etdirilir, başqa cinayətlərdə olub-olmaması araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə