Binəqədidə narkotika alverçisi yaxalanıb

Fevralın 19-na keçən gecə Bakı şəhər sakini Arif Əliyevə məxsus Şağan qəsəbəsində yerləşən bağ evindən 15 ədəd şveller və 40 ədəd dəmir boru oğurlanıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 1-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini Aqil Muxtarov fevralın 20-də yaxalanıb.

Fevralın 19-da Naxçıvanski küçəsində yerləşən ticarət mərkəzində satıcı işləyən Qasım Əliyevin pul qabından 63 manat oğurlayan Kübra Rzayeva DİN ÇPA-nın əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə Nizami RPİ 24-cü PB-yə təhvil verilib.

Fevralın 19-u saat 19:30 radələrində Zirə qəsəbəsi ərazisində Zaur Zeynalov idarə etdiyi "Ceriy" markalı avtomobillə Yədulla Rəcəbovu vurmuş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Qobu qəsəbə sakini Rəşad Abdulovdan 0,025 qram narkotik vasitə olan heroin aşkar olunub. Keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satan əvvəllər məhkum olunmuş Yaşar Ağayev yaxalanmış və onun evinə baxış keçirilərkən 2 kiloqram 265 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Fevralın 19-u Ə.Əlixanov küçəsində yaşayan İbrahim Nəsirovun mənzilinə kirayə ev axtarmaq adı ilə gəlmiş 3 naməlum şəxs oradan 170 manat və mobil telefon oğurlayıblar. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bakı şəhər sakinləri Asif Nəsirov, Araz Abdullayev və Fariz Məmmədov yaxalanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə