Göygöl polisi dəhşətli qətlin üstünü açıb. Rayonun Topalhəsənli kənd sakini, 1956-cı il təvəllüdlü Namazova Güləbətin Əfəndi qızının ölümündə təqsirli bilinən 4 nəfər rayon sakini həbs olunub.
Qeyd edək ki, hadisə ötən ilin 19 Noyabr tarixində Güləbətin Namazovanın cəsədi Gəncə çayının Topalhəsənli kəndindən keçən hissəsinin sahilində tapılıb. İlkin olaraq qadının ehtiyatsızlıq nəticəsində öldüyü güman edilsə də, aparalan tibbi ekspertiza bu mülahizələri alt-üst edib.
Aydın olub ki, 54 yaşlı Güləbətin Namazova cinsi istismara məruz qaldıqdan sonra qətlə yetirilib. Göygöl rayon Polis Şöbəsinin rəis müavini Habil Əmiraslanovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Topalhəsənli kənd sakinləri 1979-cu il təvəllüdlü Cəfərov Vüqar Məsim oğlu, 1987-ci il təvəllüdlü Yusifov Kamil Nemət oğlu, 1993-cü il təvəllüdlü Musayev Boran Hafiz oğlu və 1993-cü il təvəllüdlü Əmiraslanov Cavid Fuad oğlu tutulub.
İlkin dindirilmə zamanı məlum olub ki, onlar sonuncunun, yəni Cavid Əmiraslanovun hərbi xidmətə yola salınması münasibətilə düzənlənən məclisdə öldürülən qadınla birlikdə yeyib-içiblər. Sonra qadın kəndin yaxınlığındakı sahibsiz evə gətirilərək orada cinsi istismara məruz qalıb və öldürülüb. Cəsəd isə iz itirilmək məqsədilə bir gün sonra Gəncə çayına atılıb.
Saxlanılan şəxslər hadisəni içkinin təsirindən etdiklərini və qadını döyərək öldürdüklərini etiraf ediblər.
Qeyd edək ki, Namazova Güləbətın Göygöl rayonunun Topalhəsənli bələdiyyəsində mühasib vəzifəsində çalışıb. Hazırda faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb. Cinayətdə iştirak edənlərdən biri, hazırda hərbi xidmətdə olan Əmiraslanov Cavid Fuad oğlu xidmət ediyi hərbi hissədən tutularaq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə