Lənkəranda 22 yaşlı qadının üzünə sulfat turşusu atılıb

Lənkəranda 22 yaşlı qadının üzünə sulfat turşusu atılıb

Lənkəran sakininin mənzilinə daxil olan maskalı şəxs ev sahibi Sevinc İmaməliyevanın üzünə sulfat turşusu (kislata) ataraq hadisə yerini tərk edib. Şəhər Polis Şöbəsinin baş müstəntiqi Elnur Məmmədovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə axşam saat 21.00 radələrində Lənkəran şəhərində baş verib.

Belə ki, Lənkəran şəhər sakini 1988-ci il təvəllüdlü Sevinc Bayram qızı İmaməliyeva Lənkəran şəhər mərkəzi xəstəxanasına yanıq xəsarətləri ilə daxil olub. Xəstənin sözlərinə görə, o, evdə olarkən qapı döyülüb. Qapını açan zaman isə tanımadığı, üzü maskalı naməlum şəxs onun üz nahiyəsinə turşunu tökərək hadisə yerindən qaçıb.

Rayon xəstəxanasının növbətçi həkimi Mirzə Baxşıyev bildirib ki, İmaməliyeva Sevinc Bayram qızı mərkəzi xəstəxanaya üzün yuxarı və aşağı ətraflarının naməlum kimyəvi yanıq diaqnozu ilə daxil olub. Xəstəyə lazım olan ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhəri Yanıq Mərkəzinə göndərilməsi məsləhət görülüb.

Qeyd edək ki, zərərçəkmiş Sevinc İmaməliyeva bundan əvvəl ailəli olub. Sonra həyat yoldaşından ayrılaraq valideynləri ilə birgə yaşayıb. İşi aparan müstəntiqin sözlərinə görə naməlum şəxsin kimliyi və yandırıcı maddənin kislota olub-olmadığı istintaq nəticəsində aydınlaşacaq. Hələlik isə faktla bağlı istintaq bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə