Göyərtəsində prezidentin olduğu təyyarə qəza enişi edib

Göyərtəsində prezidentin olduğu təyyarə qəza enişi edib

Meksikanın “Volaris” aviakompaniyasına məxsus təyyarə pilotlar tərəfindən ikinci cəhddə yerə endirilib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, paytaxt Mexikodan Tepik şəhərinə uçan təyyarənin göyərtəsindəki sərnişinlərin arasında Meksika prezidenti Lopes Obrador və onun həyat yoldaşı da olub.

Təyyarə havaya qalxdıqdan 50 dəqiqə sonra onda texniki nasazlıq aşkarlanıb. Geri qayıdan təyyarə uçuş-enmə xəttinə toxunduqdan sonra yenidən havaya qalxmalı olub.

“Biz yenidən enməyə başlayırıq, təhlükəsizliyimiz üçün ilk cəhddə riskə getmədik. Göyərtədə hər şey qaydasındadır. Təlaşa ehtiyac yoxdur” – deyə pilot dispetçerə bildirib.

Bundan 5 dəqiqə sonra təyyarə normal eniş edib.

Təyyarədən düşdükdən sonra prezident bildirib ki, belə hadisələrin olması normaldır və ciddi bir şey baş verməyib.

Qeyd edək ki, Lopes Obrador səlahiyyətlərinə başlamadan öncə prezident üçün nəzərdə tutulmuş təhlükəsizlik tədbirlərindən imtina edəcəyini bildirmiş və sözünün üstündə durmuşdu. Belə ki, ötən ilin dekabr ayından artıq ölkədə əvvəliki prezidentlərin təhlükəsizliyinə məsul olan “Prezidentin baş qərargahı” ləğv edilib. Lopes Obrador prezident seçildikdən sonra adi təyyarə reyslərindən istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə