Gəmidəki yanğınla bağlı cinayət işi açıldı

Mayın 8-də "Saipem" şirkəti tərəfindən icarəyə götürülmüş "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" qapalı səhmdar cəmiyyətinə məxsus "İsrafil Hüseynov" borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğın baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatına deyilir.

Qeyd olunub: "Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanmış, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılmışdır. Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülmüşdür. Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin "112", Baş Prokurorluğun 440-78-13 nömrəli "Qaynar xətt" əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə