AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayevin məhkəmə prosesi təxirə salınıb
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə AXCP sədri Əli Kərimlinin müşaviri Qabil Məmmədrzayev və digər 4 nəfərin cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan məhkəmə prosesi təxirə salınıb. SİA-nın məlumatına görə, məhkəmə prosesi qeyri-müəyyən vaxta təxirə salınıb.
İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min dollar və qızıl-zinət əşyaları aparıblar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.
Qeyd edək ki, dövlət ittihamçısı Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB