Lənkəranda mənzillərdən oğurluq edən dəstə yaxalanıb

Lənkəranda mənzillərdən oğurluq edən dəstə yaxalanıb

Lənkəran rayonunda ev oğurluğu ilə məşğul olan dəstə yaxalanıb. Bu barədə SİA-nın cənub bürosuna məlumat verən Lənkəran Şəhər Polis Şöbəsinin (ŞPŞ) istintaq bölməsinin rəisi Polad Mehdiyevin sözlərinə görə, rayonun Sütəmurdov kənd sakini Orucəli Qasımovun ərizəsinə əsasən evində oğurluq edən şəxslərin axtarışı istiqamətində tədbirlər görülüb. Nəticədə rayonun Sütəmurdov kənd sakinləri, 1981-ci il təvəllüdlü Elşən Xeybər oğlu Xosrovov və 1980-ci il təvəllüdlü Qabil Həzi oğlu Qurbanov şübhəli şəxs qismində saxlanılıblar.

İlkin araşdırmalardan sonra məlum olub ki, saxlanılan şəxslər birləşərək O.Qasımovun evindən 336 manat məbləğində əmlakını oğurlayıbar. İstintaq, həmçinin bu şəxslərin Lənkəran şəhər sakinləri Emin Əbilovun evindən 815 manat, Mənsurə Əliyevanın evindən 200 manat pulunu və xeyli miqdarda qızıl-zinət əşyalarını oğurladıqlarını aşkar edib.

E.Xosrovov və Q.Qurbanov barəsində həbs qəti-imkan tədbiri seçilib. Saxlanılan hər iki şəxsin narkotika aludəçisi olduğu bildirilir.

Faktla bağlı Lənkəran ŞPŞ-də Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.1 maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə