2011-ci ilin yanvarın 12-də Sabirabad şəhər sakini, 1928-ci ildə anadan olmuş Xalidə Həsən qızı Güləliyevanın və onun qızı, 1956-cı il təvəllüdlü Əzizbəyimin yaşadıqları mənzildə üzərində zorakılıq əlamətləri olan meyitləri aşkar olunub. Respublika Baş Prokurorluğundan SİA-ya verilən xəbərə görə, daxil olan məlumat əsasında fakt üzrə Sabirabad rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayəti törətmiş şəxsin müəyyən edilməsi üçün dərhal istintaq-əməliyyat qrupu yaradılmış, iş üzrə şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəmə-bioloji ekspertizaları və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.
Aparılan tədbirlərlə cinayət hadisəsinin Xalidə Güləliyevanın oğlu - 1960-cı ildə Sabirabad şəhərində anadan olmuş Güləliyev Əbülfəz Əli oğlu tərəfindən törədilməsi müəyyən olunub. Toplanmış sübutlar əsasında Əbülfəz Güləliyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində o, yanvarın 17-də Qusar rayonu ərazisində tutulub. Hazırda iş üzrə rayon prokurorluğunda istintaq davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB