İctimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər saxlanılıb FOTO

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar. Üzərində şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə