Lənkəranda küçəyə atılmış uşaq dölü tapılıb

Lənkəranda küçəyə atılmış uşaq dölü tapılıb

Lənkəran şəhərində küçəyə atılan 7 aylıq uşaq dölü tapılıb. Rayon prokurorunun köməkçisi Rəşad Tanrıverdinin SİA nın cənub bürosuna verdiyi məlumata görə, dekabrın15-də, səhər saat 10.00 radələrində Lənkəran şəhərindəki "hərbi şəhərcik" deyilən ərazidə təqribən 6-7 aylıq olması ehtimal edilən uşaq dölü aşkarlanıb.

Ərazidə yaşayan sakinlər dərhal hadisə ilə bağlı rayon hüquq mühafizə orqanlarına məlumat veriblər. Məlumat daxil olan kimi hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib. Bundan sonra atılan döl oradan götürülərək, məhkəmə tibbi ekspertizasına təqdim edilib.

Müayinə zamanı məlum olub ki, döl təqribən 6-7 aylıqdır və kişi cinsinə mənsubdur. İşi araşdıran prokuror köməkçisi Rəşad Tanrıverdinin sözlərinə görə, artıq dölün kim tərəfindən atıldığı əməliyyat qrupuna məlumdur. Sadəcə istintaq sirri olduğuna görə hələlik onun adı açıqlanmır.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə