Oğlunu itirən atanın gileyi... - KİMDİR GÜNAHKAR?

Oğlunu itirən atanın gileyi... - KİMDİR GÜNAHKAR?

"Bu ilin iyul ayında oğlum İsmayılov Saməddin "Jiquli" VAZ 2106 markalı avtomobillə Cəlilabada gedərkən Bakı-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində qəzaya düşmüşdür və aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Maşının sükanı arxasında olan Həsənov Rəşad Əlirza oğlu da dünyasını dəyişmişdir. Bunu adi yol qəza hadisəsi hesab edib taleyimizlə barışa bilərdik. Amma...". Bu sətirlər İsmayılov Vaqif Mahmud oğlunun redaksiyamızın poçtuna ünvanladığı məktubdandır. Məktubda oğlunu itirmiş atanın cavabsız qalan sualları və gileyləri yer alıb.

V.İsmayılov məktubunda narazı qaldığı məqamları qeyd edir: "Öğlum Saməddin İsmayılov "Jiquli 2106" markalı yol maşını ilə rayona gedirmiş. Biləsuvarda yol qəzası baş verir. Nəticədə oğlum və sükan arxasında olan şəxs dünyalarını dəyişirlər. Sonradan bizə məlum oldu ki, avtomobilin sükanı arxasında ölən şəxs maşının sahibi deyilmiş. Maşının sahibi arxa oturacaqda oturmuş Cananov Şəhriyar imiş. Hansı səbəbdənsə sükanı Həsənov Rəşad Əlirza oğluna həvalə edib. Bu faktı isə Biləsuvar rayon polis idarəsində hansısa səbəbdən gizlədirlər. İradlarımıza isə münasibət bildirmirlər. Bununla bərabər fakt ətrafında aparılan istintaq hərəkətləri barədə də bizə valideyn olaraq məlumat verilmir. İndiyə kimi oğul dağını unuda bilmirik. 2106 markalı maşının sahibi Cananov Şəhriyar sağ-salamatdır. Ona bir xətər dəyməyib. Əlbəttə, biz onun niyə xəsarət almadığını, yaxud başına hansısa bir işin gəlmədiyini soruşmuruq. Allah özü bilən məsləhətdir. Amma bizi bu məktubu yazmağa vadar edən iki məsələdir, biri avtomobilin sürücüsü Cananov Şəhriyarın bircə dəfə də olsa bizə bir "Allah rəhmət eləsin"ə gəlməməsi, saymazlıq etməsidir. Axı bizin heç olmasa dədə-baba qaydalarımız, insani dəyərlərimiz var. Necə ola bilər ki, sənin maşınında iki ailə başçısı, iki qardaş, iki oğul həlak ola, sən də heç nə olmamış kimi gəzəsən? Bu nə azərbaycançılığa, nə də müsəlmançılığa sığar. Digər bir narazılığım isə Biləsuvar Rayon Polis Şöbəsindəndir. Hadisə baş verib, araşdırma aparılır. İki aya yaxındır ki, bizə işin gedişatı ilə bağlı bir söz deyilmir. Yol qəzasının baş verməsində günahkar kimdir, sükan arxasında olan Həsənov Rəşad, yoxsa ona bu "sürücülük haqqı" verən Cananov Şəhriyar? Polis bunu araşdırırmı, araşdırırsa biz valideynlərə niyə məlumat verilmir? Oğul itirən ata kimi mənin harayıma Biləsuvar polisi nə vaxt reaksiya verəcək? Belə olmaz axı".

Biz mətbuat olaraq bir atanın haqlı narazılığını dərc etməkdə məqsədimiz məsələni aidiyyəti qurumların diqqətinə çatdırmaqdır. Biləsuvar rayon polis şöbəsinin də, avtomobilin sürücüsünün də, digər cavabdeh şəxslərin də münasibətini dərc etməyə hazırıq.

Bütün xəbərlər Facebook səhifəmizdə