Bakı şəhərində avtoxuliqanlıq edərək yol hərəkəti iştirakçılarının həyatına və mülkiyyətinə real təhlükə yaradan sürücülərin davranışı diqqətdə saxlanılır. Yollarda müşahidə olunan təhlükəli hallar sırasında, xüsusilə toy karvanlarında iştirak edən avtomobillərin manevr və hərəkətləri, hüquqazidd əməlləri “Təhlükəsiz şəhər” informasiya texnologiyalarının imkanlarından yararlanmaqla müəyyən olunur.
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov AZƏRTAC-a bildirib ki, avqustun 6-da Binəqədi rayonu ərazisində toy karvanına qoşulan bir qrup avtomobil davamlı olaraq, hərəkətin intensiv olduğu yollarda çoxsaylı manevrlər etməklə digər avtomobil sürücülərinin mülkiyyətinə və piyadaların həyatına real təhlükə yaradıb. “Təhlükəsiz şəhər” kameralarının köməyi ilə qeydə alınan fakt üzrə dörd avtomobil müəyyən olunmaqla, xətanın xüsusatları Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsində araşdırılıb, toplanan materiallar Binəqədi Rayon Məhkəməsinə göndərilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1994-cü il təvəllüdlü Bərdə rayonu, Hacıallı kəndində qeydiyyatda olan, taksi fəaliyyəti ilə məşğul olan “VAZ-2106” markalı, 10 LA 821 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan Rəhimli Rəhim Yusif oğlu, 1996-cı il təvəllüdlü Abşeron rayonu, Hökməli qəsəbəsində qeydiyyatda olan, “VAZ-2106” markalı, 90 MF 936 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Nəbiyev Vüsal Eldar oğlu və 1989-cu il təvəllüdlü Beyləqan rayonunda qeydiyyatda olan, Bakı şəhərində yaşayan, “Daewoo Gentra” markalı, 99 AM 776 dövlət qeydiyyatı nişanlı avtomobilin sürücüsü Mehdiyev Cəlil Firdovsi oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1–ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, barələrində nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 1 (bir) ay müddətinə inzibati həbs tətbiq edilib.
Həbs edilən şəxslərlə müvəqqəti saxlama təcridxanasında profilaktik söhbətlər aparılıb. Törədilən hər bir əmələ görə cəzalanan şəxslər bu əməllərindən peşmançılıq duyduqlarını bildirib, törətdikləri əməlin nə qədər təhlükəli olduğunu açıq etiraf etməklə, sürücülərə yollarda daha həssas və diqqətli olmalarını tövsiyə ediblər. Onlar sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə və sükan arxasında olan zaman digər hərəkət iştirakçılarına hörmətlə yanaşmağa dəvət edib, barələrində verilən qərarın əməllərinə adekvat olduğunu bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB