Samux rayonundakı yanğın söndürülüb

Samux rayonundakı yanğın söndürülüb

İyulun 7-də axşam saatlarında Samux rayonunun Burunqovaq kəndi yaxınlığından axan Alazan çayının sağ sahilindəki qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib. Axşam saatlarında başlayan güclü külək tez bir zamanda yanğının genişlənməsinə səbəb olub.

SİA-nın verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Rayon Fövqəladə Hallar Komisiyyasının üzvləri və aidiyyatı qurumlar da yanğının baş verdiyi ərazidə olublar. Bir istiqamətdə yanğının qarşısı alınıb.

Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Bunun üçün Samux rayon Suvarma Sistemlərinin maşın mexanizmləri – traktor və ekskovatorları əraziyə cəlb edilib.

Yanğının baş verdiyi ərazi sərhəd bölgəsi olduğundan Dövlət Sərhəd Xidməti canlı qüvvə ilə kömək göstərib. Həmçinin yanğının söndürülməsində Burunqovaq kəndinin 20 nəfər sakini də yaxından iştirak edib.

Yanğının yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsi nəzərə alınaraq iyulun 8-də səhər saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə