Samir Cavadzadə qətlə yetirilib

Gəncə şəhər sakini mübahisə zəmnində öz qonşusunu qətlə yetirib. Hadisə şəhərin Humanitar Kollec adlanan təhsil ocağının həyətində baş verib. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər prokurorunun köməkçisi Elnar Hüseynov məlumat verib.

Məlumata görə Cavad Xan küçəsi, ev 187-də yaşayan şəhər sakini 1991-ci il təvəllüdlü Tağıyev Xəlil Aydın oğlu həmyaşıdı Cavadzadə Samir Əli oğlunu öldürüb. O, mərhumun ürək və kürək nahiyyələrinə bir neçə dəfə bıçaqla zərbələr endirməklə ikincinin həyatına son qoyub.

Cinayətin motivləri barədə hələlik dəqiq məlumat verilmir. Ancaq qətli törədən şəxs həbs edilib və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə iş açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə