Zaqatalada Türkiyə vətəndaşına məxsus yük maşınında yanğın olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün saat 16:45 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Zaqatala rayonu Qımır kəndi ərazisindən keçən hissəsində baş verib.
Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Yenigül Erdinc Şaban oğlunun idarə etdiyi “Mercedes” markalı iritutumlu qoşqulu yük maşını hərəkətdə olarkən qoşqu hissəsindəki şinləri qəfildən yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində qoşqunun 6 şini və qoşqunun sintetik örtüyünün bir hissəsi yanıb. Maşının qalan hissəsi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB