Avtobus qəzaya uğrayıb, xəsarət alan olmayıb- BNA-RƏSMİ

Avtobus qəzaya uğrayıb, xəsarət alan olmayıb-  BNA-RƏSMİ

"22.01.2018 tarixində 71 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən (90 BS 743 DQN) sərnişin avtobusu "VAZ 2107" markalı minik avtomobili ilə toqquşub. İlkin məlumata görə, qəza "VAZ 2107" markalı minik avtomobilinin sürücüsünün yol hərəkəti qaydalarını pozaraq avtobusun qarşısında təhlükəli manevrlər etməsi səbəbindən baş verib".

Bu sözləri SİA-ya açıqlamasında Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

Onun sözlərinə görə, hadisənin əsl səbəbi isə müvafiq qurumların araşdırmasından sonra məlum olacaq:"Məlumat üçün bildirək ki, hadisə nəticəsində sərnişinlər arasında xəsarət alan olmayıb. Bəzi informasiya saytlarında qəzaya uğramış avtobusun BNA-ya məxsus olması ilə bağlı fikirlərə aydınlıq gətirərək bildirmək istəyirik ki, müntəzəm marşrut xətləri üzrə hərəkət edən bütün sərnişin avtobusları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə məxsusdur. İnformasiya hazırlayarkən bu məqamın nəzərə alınması tövsiyə edilir. Onu da qeyd edək ki, 71 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin yerinə yetirilməsi daşıyıcı Bağırov Hikmət Mirzə oğlu tərəfindən həyata keçirilir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə