Masallıda saxta pul dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə yaxalanıb
Masallı rayonunda saxta pul dövriyyəsi ilə məşğul olan cinayətkar dəstə zərərsizləşdirib. Rayon Polis Şöbəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, əməliyyat taksi sürücüsünün rayon Polis Şöbəsinə etdiyi müraciətdən sonra başlayıb.
İlkin istintaq nəticəsində məlum olub ki, mütəşəkkil dəstə Masallı-Salyan-Bakı istiqamətində fəaliyyət göstərib. İlkin əməliyyat tədbirləri çərçivəsində saxlanılanlar Masallı şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Xəzail oğlu Məmmədov və Salyan şəhər sakini, 1968-ci il təvvəllüdlü Pərvanə Noyabr qızı Əkbərovadır.
Qeyd edək ki, Anar Məmmədov tanışı Pərvanə Əkbərova ilə Bakıdan Masallıya gələrkən taksi sürücüsünə gediş haqqı kimi 50 manat verib. Axşam saatlarında verilən pulun saxta olduğunu bilməyən sürücü səhər xəbərdar olub və bu barədə polis şöbəsinə məlumat verib. Əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən şəxslərdən 100 ədəd yüzlük, 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq, ümumilikdə 10 min 120 manat saxta pul əskinazları götürülərək sənədləşdirilib.
Keçirilən tədbirlər nəticəsində saxta pul hazırlanmasında istifadə edilən avadanlıqlar götürülüb və bu istiqamətdə əməliyyat tədbirlərinə başlanılıb. Müvafiq ekspertizanın rəyi alındıqdan sonra fakt üzrə Azərbaycan Respublikası CM-nin 204.2.3-cü maddəsi ilə cinayət işi başlanacaq.
İlkin istintaq nəticəsində o da məlum olub ki, saxta pullar Pərvanə Əkbərovanın Bakı şəhərində kirayədə yaşadığı evdə hazırlanıb. Təqsirləndirilən şəxslər hazırladıqları saxta əskinazların hələ dövriyyəyə buraxmadıqlarını desələr də, polis bu istiqamətdə işlər aparır.
Qeyd edək ki, Salyan şəhər sakini Pərvanə Əkbərova ailəlidir. Özünün dediyinə görə həyat yoldaşı Rusiyada yaşayır. Küllü miqdarda borca düşdüyündən bu addımı atmağa məcbur olub. Dəstə üzvləri arasında əcnəbi vətəndaşların olduğu ehtimal edilir. Ancaq polis istintaq sirri olduğuna görə dəstənin digər üzvləri barədə nəlumat verməyib.
Qeyd edək ki, işin əsas aparıcılarından olan Anar Məmmədov ali təhsilli həkimdir. Azərbaycan dövlət Tibb Universitetinin məzunudur. Dəstə üzvləri ilkin istintaqa bildiriblər ki. bu işlə 20 gündür ki, məşğul olublar.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB