Zoltan İlles: "Ətraf mühitin təmizlənməsi üçün milyonlarla avro xərclənəcək" - AÇIQLAMA

Zoltan İlles: "Ətraf mühitin təmizlənməsi üçün milyonlarla avro xərclənəcək" - AÇIQLAMA

Alüminyum fabrikində 4 nəfərin ölümü, 120 nəfərin yaralanmasına səbəb olan partlayış nəticəsində zəhərli tullantının Tuna çayına çatması fəlakətə səbəb olub. SİA-nın məlumatına görə, Macarıstanda meydana gələn qəzadan ətraf ölkələrin ziyan çəkəcəyi də istisna deyil. Qaradənizi də təhdid edən fəlakət Macarıstan rəsmilərini hərəkətə gətirib.Səlahiyyətlilərdən Avropa Birliyini günahlandıranlar da tapılır.

Macarıstanın ekologiya naziri Zoltan İlles zəhərli kimyəvi maddə fəlakəti nəticəsində meydana gələn çirklənmənin təmizlənə bilməsi üçün bir ildən çox vaxt lazım gələcəyini deyib: "Zəhərli maddə fəlakəti səbəbi ilə hamımız çox sarsılmışıq. Amma ətraf mühitin təmizlənməsi aylarla, hətda bəlkə də bir il uzanacaq. Bununla yanaşı, təmizlik üçün milyonlarla avro xərclənəcək".

Məhz buna görə də macar hökuməti AB komissiyasından maaliyyə köməyi istəməyi planlaşdırır. Brüksel komissiya sözçüsü isə indiyə qədər belə bir müraciətin edilmədiyini ifadə edib. Tuna çayının qollarından birinə zəhərli təbəqənin təsirini dayandırmaq məqsədi ilə palçıq tökülüb. Zəhərli tullantının Qaradənizə keçməsi isə daha ciddi bir fəlakətə səbəb ola bilər.

Ətraf mühiti mühafizə təşkilatı olan WWF-in Macarıstan idarəçisi Qabor Figeczki fəlakətin nəticələrinin ağır olacağını bildirib: "Bu fəlakət çox ağır zərərlərə yol açacaq. Bu hadisə nəticəsində macar tarixində misli görülməmiş bir fəlakət yaşandı. Ekoloji tarazlıq pozulduğu üçün, çay ətrafındakı əkinçilik sahələrində və içməli su ehtiyatlarında böyük təhlükə yaşana bilər. Bu işdə AB- nin günahı çoxdur. Çünki, mədən sənayesindəki tullantıların məhvi mövzusunda təyin edilən standartlar çox aşağı səviyyədədir".

Qeyd edək ki, çirklənmənin Xırvatıstandan Rumıniyaya qədər uzanan 6 ölkəyə təsir edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə