Lənkəran şəhərinin bir neçə məhəlləsini sel basıb

Lənkəran şəhərinin bir neçə məhəlləsini sel basıb

Lənkəran şəhəri yenidən sel təhlükəsi ilə üzləşib. SİA-nın cənub bürosunun məlumatına görə, iki gündür cənub bölgəsinə yağan aramsız yağışlar nəticəsində Lənkəran şəhərinin bir neçə məhəlləsini sel suları basıb. Kanalizasiya arxlarından qalxan su küçələri basıb, həyətlərə, bəzi yerlərdə evlərə dolub.

Belə ki, Z.Əliyeva, H.Tağıyev, Ə.Vahid, Koroğlu, M.S.Ordubadi, Səttarxan və Nizami küçələrində vəziyyət daha gərgindir. Ən təhlükəli vəziyyət Nizami küçəsində yaşandığından buradan onlarla ailə başqa yerlərə köçürülüb.

Qeyd edək ki, sel fəlakəti ilə əlaqədar olaraq bu gün Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Komissiyasının təcili iclası keçirilib. Fəlakətin qarşısının alınması və digər təxirəsalınmaz tədbirlərin görülməsi nəzərdə tutulub.

Gün ərzində Nizami küçəsindən selin qarşısını almaq, həyətlərə dolan suyu kənara axıtmaqdan ötrü Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin texnikaları və işçi qüvvəsi işə cəlb olunub.

Əlavə edək ki, rayondakı çaylarda suyun səviyyəsində artım müşahidə olunur.

Hazırda aramsız yağışlar davam edir

Bütün xəbərlər Facebook səhifəmizdə