Lənkəranda dəniz sahilində tank əleyhinə mina tapılıb

Lənkəranda dəniz sahilində tank əleyhinə mina tapılıb

Oktyabrın 5-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Lənkəranda dəniz sahilində tank əleyhinə minanın aşkarlanması barədə məlumat daxil olub.

ANAMA-nın məlumatında deyilir ki, agentliyin xüsusi mobil əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə yerləşən 10 saylı yanalma məntəqəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində tank əleyhinə mina (TM-62M) aşkar edilib. Həmin sursat götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş tank əleyhinə minanın ətrafında 2500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Yanvarın 1-dən oktyabrın 5-dək agentlik tərəfindən, ümumilikdə, 6814 partlamamış hərbi sursat, tank əleyhinə 200 mina və piyada əleyhinə 32 mina aşkarlanaraq zərərsizləşdirilib. Ümumilikdə 4 milyon 719 min 917 kvadratmetr ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə