Lənkəranda oğurluq hadisəsi baş verib. İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev muzeyində bu gün səhərə yaxın oğurluq hadisəsi qeydə alınıb. Lənkəran şəhər Polis Şöbəsinin istintaq bölməsinin rəisi Polad Mehdiyevin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə barədə Polis Şöbəsinə məlumat daxil olan kimi dərhal əməliyyat- istintaq qrupu yaradılıb və qəhrəmanın İsmət Qayıbov küçəsi, 19 saylı ünvanda yerləşən ev muzeyində istintaq tədbirlərinə başlanılıb.
Aparılan əməliyyat istintaq tədbirləri nəticəsində ev muzeyində oğurluq edən şəxs yaxalanıb. Bu şəhərin Səməd Vurğun küçəsi, 29 saylı ünvanda yaşayan 1968-ci il təvəllüdlü Elçin Vəliəhd oğlu Rəhimovdur. Saxlanılan şəxs sərxoş vəziyyətdə törətdiyi əməldən peşman olduğunu desə də, Həzi Aslanova məxsus bir çox nadir şəxsi ev əşyaları ziyan çəkdiyindən Elçin Rəhimov qanun qarşısında cavab verməli olacaq.
Ən pisi tərəfi də budur ki, Elçin muzeydən Həzi Aslanova məxsus şəxsi əşyalara tamah salıb. Onların bir qismi sınmış, dağılmış vəziyyətdə tapılıb. Muzeydən oğurlanan əşyalar arasında nadir eksponat sayılan H. Aslanova məxsus saat da olub.
Hazırda faktla bağlı Lənkəran şəhər Polis Şöbəsində Azərbaycan Respublikası CM-nın 183-cü maddəsi ilə cinayət işi açılıb. Təqsirləndirilən şəxsin həm də narkotik aludəçisi olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB