Yol polisi ilə mübahisə sürücüyə həyatı bahasına başa gəlib

Lənkəran rayonunda ölüm hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, rayonun Qrumba kənd sakini, 1961-ci il təvəllüdlü Məmmədhüseyn Təhməz oğlu Hüseynov ona məxsus "VAZ-2106" markalı avtomobillə ailə üzvləri ilə birlikdə sentyabrın 20-də, saat 18.00 radələrində Lənkəran şəhərində toy məclisinə gedərkən rayonun Digah kəndi ərazisində Dövlət Yol Polisinin (DYP) müfəttişi tərəfndən saxlanılıb. Müfəttiş maşına normadan çox sərnişin götürdüyünü söyləyərək ondan sənədlərini tələb edib. M.Hüseynovun ailə üzvlərinin sözlərinə görə, DYP müfəttişi ilə əlbəyaxa olan 49 yaşlı sürücünün vəziyyəti qəfildən pisləşib.

Təcilil onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına apararkən, M.Hüseynov yolda keçinib. Lənkəran rayon prokurorunun köməkçisi Rəşad Tanrıverdi M.Hüseynovun ölümünün dəqiq səbəblərinin məlum olmadığını, bu barədə onun meyiti üzərində məhkəmə-tibbi ekspertiza aparıldıqdan sonra bəlli olacağını bildirib.

Hazırda faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə