Vladiqafqazdakı terrorda 2 azərbaycanlı ölüb, 7-si yaralanıb

Vladiqafqazdakı terrorda 2 azərbaycanlı ölüb, 7-si yaralanıb

Şimali Osetiyanın paytaxtı Vladiqafqazın mərkəzi bazarı qarşısında törədilən terror aktı nəticəsində iki azərbaycanlı ölüb, 7-i isə yaralanıb. SİA-nın xəbərinə görə, bu barədə Vladiqafqazda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Cəmiyyətinin sədri Şahin Məmmədov məlumat verib.

Partlayış zamanı ölən azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır və onlar bir ailənin üzvüdür. Həlak olan 54 yaşlı Yasəmən Məmmədova və onun 1 yaş altı aylıq nəvəsi Elnur Rövşən oğlu Həşimov artıq dəfn olunmaq üçün Gürcüstana göndəriliblər. Yasəmən Məmmədovanın qızı Elvira Sədi qızı Həşimova və onun 3 yaşlı oğlu Rəşad isə Moskva xəstəxanasındadırlar.

Qeyd edək ki, onlar Marneuli rayon sakinləridir. Şahin Məmədov onların vəziyyətinin digərlərinə nisbətən daha ağır olduğunu deyib: "Onların vəziyyəti daha ağır olduğuna görə Moskva xəstəxanasına yerləşdiriliblər. Onların üzərində cərahhiyə əməliyyatı aparılıb. Uşağın başından bombanın qəlpəsi çıxarılıb".

Terror aktı nəticəsində 5 Azərbaycan vətəndaşı ağır bədən xəsarətləri alıb. Xəsarət alanlar Göygöl rayon sakini Rəfael Abdullayev, Qazax rayon sakini Rahilə Əhmədova, Gəncə şəhər sakinləri Raqif Əliyev, Rəhim Əliyev və Anar Kazımovdur.

Ş. Məmmədovun sözlərinə görə, onların vəziyyəti nisbətən yaxşıdır: "Bir nəfərin qulağı tutulub. İkisi ayaq hissələrindən yaralanıb. İkisinin isə kürək hissəsində qəlpə yaraları var".

Qeyd edək ki, hazırda Şimali Osetiyada ümumilikdə 5 mindən çox azərbaycanlı yaşayır. Qeyd edək ki, ötən gün Vladiqafqazın mərkəzi bazarında törədilən terror aktında 18 nəfər ölüb, 138 nəfər isə yaralanib.

Terror hadisəsində ölənlərlə bağlı bu gün Şimali Osetiyada matəm günü elan olunub. Bütün dövlət bayraqları endirilib, televiziya və radio stansiyalarda əyləncəli proqramların efirə verilməsi təxirə salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə