Dekabrın 15-də Xəzər dənizində əsən güclü küləyin "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın bir hissəsini dənizə uçurması nəticəsində itkin düşən neftçilərin axtarış-xilasetmə əməliyyatlarında SOCAR-ın Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcları da iştirak edir. SİA "Azneft" İB-nin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərlik etdiyi işçi qrupu da axtarış-xilasetmə əməliyyatlarını yaxından izləmək məqsədilə hadisə yerindədir.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Qərargahın bu gün yaydığı məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi, FHN, DSX, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış-xilasetmə əməliyyatları, uzunluğu 100 km və eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.
"Hazırda hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib və bununla əlaqədar olaraq, adıçəkilən qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılır.
Eyni zamanda, sahilboyu ərazilərdə FHN və DSX-nin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilməkdədir",- məlumatda qeyd olunub.
Xatırladaq ki, dekabrın 15-i saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz – operator
Dekabrın 15-də axtarış nəticəsində 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini İlham Əlihüseyn oğlu Qafarovun meyiti tapılıb.






Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB