Erməni politoloqa Rusiyaya girişi qadağan edildi

Erməni politoloqa Rusiyaya girişi qadağan edildi

Ermənistanın Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzinin direktoru Stepan Qriqoryanın 2030-cu ilə qədər Rusiya ərazisinə girişi qadağan edilib. SİA "Aysor.am"a istinadən xəbər verir ki, bu barədə Qriqoryana "Şeremetyevo" aeroportunda bildiriblər.

O deyib ki, Rusiyaya atasının məzarını ziyarət etmək üçün gedib: "Cəmi 10 saat vaxtım var idi, sonra Yerevana qayıdacaqdım. Lakin mən Rusiya ərazisinə daxil ola bilmədim. Sərhədçilər tərəfindən saxlanılan zaman məlumat verdilər ki, 2030-cu ilə qədər Rusiyaya girişim qadağandır".

Onun sözlərinə görə, təqdim edilən bildirişdə xarici vətəndaşlar tərəfindən qanunsuz hərəkətlər, cinayət törəidlən zaman ölkə ərazisinə girişin qadağan olunduğu vurğulanıb. Erməni politoloq son 20 ildə Rusiyada hər hansı bir fəaliyyət həyata keçirmədiyini deyib.

Əlavə edib ki, rəhbərlik etdiyi qurum Avropa QHT-ləri ilə fəal əməkdaşlıq edir və erməni xalqının gələcəyini Avropa ailəsinə üzvlükdə görür. Buna görə də barəsindəki qərarın siyasi xarakterli olduğunu deyib.

Qriqoryan Rusiyadan deportasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə