Kürdəmirdə dəhşətli qəza 2 ölü, 3 yaralı

İmişlinin Allahmədətli kəndində baş verən qəzada da sürücü dünyasını dəyişib
Kürdəmirdə dəhşətli qəza 2 ölü, 3 yaralı

Kürdəmirdə ağır yol qəzası baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb. İmişlidə isə minik maşını yoldan çıxaraq aşıb. Sürücü xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qaxda baş verən qəzada da sürücü dünyasını dəyişib.

Minik avtomobillərinin toqquşması 2 nəfərin ölümü ilə nəticələnib. Ağır qəza Bakı-Qazax magistralının Kürdəmirdən keçən hissəsində baş verib. Bakı sakini, 30 yaşlı Əli Əkbərovun idarə etdiyi minik avtomobili Kürdəmirin Şilyan kənd sakini, 52 yaşlı Səftər Məmmədovun minik maşınına çırpılıb.

Sürücü Əli Əkbərov və həyat yoldaşı, 33 yaşlı Leyla Salahova hadisə yerində ölüblər. Sürücünün 2 aylıq oğlu Yunus Əkbərov və qayınatası Yunus Salahov isə müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Digər sürücüyə isə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İmişlinin Allahmədətli kəndində baş verən qəzada da sürücü dünyasını dəyişib. Rayonun Bəcirəvan kənd sakini, 27 yaşlı Anar Hüseynov sərt döngədə idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Sürücü müxtəlif bədən xəsarətləri ilə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Ölən sürücünün Lənkəran rayon polis şöbəsinin 1 ay əvvəl təqaüdə göndərilən rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu olduğu bildirilir.

Qaxda baş verən qəzada da sürücü dünyasını dəyişib. Hadisə ötən axşam rayonun Ləkit kəndində qeydə alınıb. Zərnə kənd sakini, 82 yaşlı Mahmud Mahmudov idarə etdiyi minik avtomobilində sükana nəzarəti itirib və maşın yoldan çıxaraq beton elektrik dirəyinə çırpılıb. Mahmud Mahmudov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə