Oğul atasını baltaladı

Zaqatalada kişi yaşlı atasını baltalayaraq öldürüb. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında yaranan mübahisədən sonra hadisə baş verib. Cəlilabadda isə kişi keçmiş həyat yoldaşını və uşağını baltalayıb.

51 yaşlı kişi atasını baltalayaraq öldürüb. Dəhşətli hadisə Zaqatalanın Əliabad qəsəbəsində olub. 78 yaşlı Kərim İmranovla birgə yaşadığı oğlu Zahir İmranov arasında mübahisə yaranıb. Mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsindən vurub. Zərbənin təsirindən qoca ölüb.

Polis Zahir İmranovu saxlayaraq istintaqa təhvil verib. Məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib. Zahir İmranovun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Cəlilabadda isə kişi keçmiş həyat yoldaşı və uşagını baltalayıb. Muğan kənd sakini İsgəndər Əliyev axşam saatlarında keçmiş həyat yoldaşı Şamama Qürbətovanın evinə girərək, üzərindəki balta ona və 12 yaşlı övladı Səid Əliyevin başına zərbələr endirib. Ardınca o böyük oğlu Fəridlə də əlbəyaxa olub. Evdəki qışqırıq səsinə qonşuların gəldiyini görən İsgəndər qaçıb. Yaralılar qonşuları tərəfindən xəstəxanaya çatdırılıblar.

Hadisənin səbəbləri də məlumdur. Rəsmi formada yoldaşından boşanmış İsgəndər Əliyev övladları üçün nəzərdə tutulan alimentı ödəməyib. Bu da tərəflər arasında narazılıq yaradıb. Hazırda polis cinayəti törədən şəxsi axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə