Gədəbəy sakinləri Şəmkirdə silah satarkən tutulub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayon sakini 22 Qabil Məmmədcəfərov və onun həmyerlisi 25 yaşlı Niyaməddin Hüseynov saxlanılıb. Onlar "Makarov" markalı tapançanı, 29 ədəd patron və 2 ədəd patron darağını satarkən ələ keçiblər. Niyaməddin Hüseynov ifadəsi zamanı deyib ki, Qabil Məmmədcəfərov ona odlu silah olması barədə məlumat verib və silahı satmaq üçün müştəri tapmasını xahiş edib. Niyaməddin Hüseynov isə öz növbəsində Şəmkir rayonunda alıcı tapıb. Qabil Məmmədcəfərov Niyaməddin Hüseynovun dediklərini təsdiqləyib. O bildirib ki, odlu silahı satış məqsədi ilə həmyerlisi 26 yaşlı Bahadur Abdullayevdən alıb.
Polisin keçirdiyi digər bir əməliyyatla Bahadur Abdullayev də saxlanılıb. O, makarov tipli tapançanı həmyerlisi Qabil Məmmədcəfərova Gədəbəy rayonu ərazisində satdığını etiraf edib. Tapança ekspertizaya təqdim olunub və döyüş üçün tam yararlı olduğu deyilir.
Qeyd edək ki, faktla bağlı cinayət işi aşılıb, istintaq aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB