Azərbaycanda saxta pul satmaq istəyən şəxslər tutuldu

Bakıda külli miqdarda saxta pul hazırlayıb satmaq istəyən dəstə ifşa edilib. Üç nəfəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayət başında, yəni saxta əsginaz satarkən tutublar. İdarə əməkdaşları digər əməliyyat zamanı isə qadağan edilmiş dərmanları satan iki nəfəri də saxlayıb.

Kafedə saxta pul satmat istəyən dəstə tutulub. İmişli rayon sakini İlkin Mehdizadə, Cəbrayıl rayon sakini Vidadi Mehdiyev və Bakı şəhər sakini Müşfiq Əsədli Binəqədi rayonu ərazisində yerləşən kafelərin birində 10 min saxta manatı 3500 manata satmaq istəyən zaman Baş Mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıblar.

Saxlanılan şəxslərdən külli miqdarda saxta əsginazlar, onların hazırlanması üçün istifadə olunan xüsusi avadanlıqlar və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Dəstə üzvləri bildiriblər ki, saxta pulları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət göstərən ticarət mərkəzlərində, əhalinin sıx olduğu yerlərdə istifadə etmək niyyəti ilə hazırlayıblar.

Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən pulların müdafiə nişanları ustalıqla saxtalaşdırılıb və həqiqi pul əsginazlarından çətinliklə seçilir.

***

Bu arada Baş İdarə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdiyi daha bir tədbir nəticəsində isə Ağdam rayon sakini İlham Otarud saxlanılıb və onun üzərinə baxış zamanı külli miqdarda "Rivatril" psixotrop dərman preparatı aşkar edilərək götürülüb.

Saxlanılan şəxsin ətafında aparılan tədbirlər zamanı onun qadağan olunmuş həbləri Rəşid adlı şəxsdən aldığı məlum olub. Əməliyyat tədbirinin davamı olaraq İlham Otaruda psixotrop tərkibli dərman preparatlarını satan Bakı şəhər sakini Rəşid Ağayev də saxlanılaraq istintaqa təqdim olunub.

Rəşid Ağayevin üzərindən əlavə olaraq külli miqdarda satışı qadağan olunmuş psixotrop tərkibli "Rivatril", "Klonezapam" və "Relanium" dərmanları da aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işlər başlanıb, istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə